28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!” devizi altında növbəti zona seminarı təşkil edilib. Tədbirdə 9 rayonun Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədrləri və fəalları, həmçinin Lənkəran Şəhər Həmkarlar İttifaqı Komitəsinin (ŞHİK) nümayəndələri olmaqla, ümumilikdə 44 nəfər iştirak edib.
Seminarın gedişatında təşkilatların sağlam psixososial iş mühiti yaratmaq öhdəliyini əsas prioritet hesab etmələri xüsusi vurğulanıb. İştirakçılara iş yerlərindəki psixososial risklərin – iş yükünün düzgün bölüşdürülməməsi, ünsiyyət problemləri, ayrı-seçkilik, psixoloji təzyiq və iş-həyat balansının pozulması kimi amillərin səbəblərini müəyyənləşdirmək istiqamətində ətraflı məlumat verilib.
Tədbirdə sağlam psixososial mühitin xüsusiyyətləri kimi şəffaf idarəetmə, qarşılıqlı hörmət, dəstək, yüksək motivasiya və stresin minimuma endirilməsi kimi meyarlar açıqlanıb. Ekspertlər psixososial risklərin nəticələrini – stress, depressiya, yuxu pozğunluğu, işə marağın azalması, əmək məhsuldarlığının düşməsi, kadr axını və iş yerindəki qəza halları kimi fəsadları iştirakçıların nəzərinə çatdırıblar.
Seminar çərçivəsində sağlam iş mühitinin yaradılması yolları da geniş izah olunub. Burada işçilərin fikirlərinə hörmət göstərilməsi, müntəzəm iclasların keçirilməsi, ədalətli iş bölgüsü, psixoloji dəstəyin təmin olunması və iş saatlarına ciddi riayət edilməsi kimi vacib addımlar tövsiyə edilib. Tədbir iştirakçıların marağına səbəb olan geniş diskussiya şəraitində davam etdirilib.



